Prezident İlham Əliyev Mingəçevirdə nəhəng Sənaye Parkının təməlini qoyub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfər edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra təqdimatında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. 1985-ci ildən 2015-ci ilədək isə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətini davam etdirib. Lakin sonradan Heydər Əliyev prospektində yerləşən əvvəlki Heydər Əliyev Muzeyinin binası yenidən qurulub və Mingəçevir Şəhər Tarix Muzeyi də həmin binaya köçürülüb.
Bildirilib ki, üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Bu son dərəcə qiymətli eksponatlar ölkəmizin dünyanın qədim insan məskənlərindən olduğunu bir daha təsdiqləyir.
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.
Dövlət başçısı Sənaye Parkının baş planını, burada yaradılacaq müəssisələrlə bağlı məlumatları əks etdirən stendlərə baxıb.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək.
Dövlət başçısı Mingəçevir Sənaye Parkının təməlini qoyub.
Daha sonra Azərbaycan prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sentyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı