PA-nın şöbə müdiri: “Azərbaycanla ultimatum dilində danışırlar”
“Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar bizimlə əlaqə saxlamayıb. Nə rəsmi müraciət, nə də zəng olub”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib. O bildirib ki, Azərbaycanla ultimatum dilində danışırlar.
Ş.Əliyev Azərbaycan tərəfinin Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib: “Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq. Söhbət Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verilməsindən getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Vitse-prezidentlər adı katiblər də ola bilərdi. Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi”.
“Biz Venesiya Komissiyası ilə həmişə bir-birimizin rəyinə hörmətlə yanaşmışıq. İndiyə qədər Venesiya Komissiyasının üç aydan tez hər hansı qanun layihəsinə rəy yazması halına rast gəlməmişəm” deyən PA rəsmisi əlavə edib ki, hər hansı qanun layihəsinə rəy verməzdən öncə Azərbaycan tərəfinin mövqeyi öyrənilməlidir: “Ancaq referendum layihəsi ilə əlaqədar bu prosedur pozulub. Bu rəy sentyabrın 6-da AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində hazırlanıb. Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”.
Ş. Əliyev bildirib ki, Venesiya Komissiyasının əsas narazılığı icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır: "Söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir, heç kim də bunu qeyri-demokratik adlandırmır”.
Ş.Əliyevin sözlərinə görə, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır: “Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Məsələn, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər”.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı