Aydın Əliyev: "Bəzi iş adamları və vətəndaşlar imtiyazlardan sui-istifadə edir"
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sahibkarlara müraciət edib.
APA TV-nin məlumatına görə, "Caspian European Club"un təşkilatçılığı keçirilən biznes forumda A.Əliyev gömrük rəsmiləşdirilməsində qanun pozuntusuna yol verən sahibkarlara xəbərdarlıq ünvanlayıb: "Mən iş adamlarının və mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək "ikili invoys"la işləyən sahibkarları bu cəhdlərindən əl çəkməyə çağırıram. Biz istəməzdik ki, iş adamları əziyyət çəksinlər. Lakin bu o demək deyil ki, artıq rəsmiləşdirilməsi bitmiş mallar üzərində biz öz tədqiqatımızı davam etdirməyəcəyik. Biz əməkdaşlıq etdiyimiz digər ölkələrin gömrük orqanları ilə qiymətlərin müəyyən edilməsi ilə bağlı addımlar atırıq və sonra da əldə edilmiş rəsmi məlumatlara əsasən həmin idxalçıların büdcə ödəmələrini tam şəkildə həyata keçirməsinə nail oluruq".
Aydın Əliyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi ölkənin bütün nəzarət-buraxılış məntəqələrində "Tax Free" sisteminin tətbiqinə tam hazırdır. Onun sözlərinə görə, bu sistem artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq edilir, nəzarət-buraxılış məntəqələrində də "Tax Free"-nin tətbiqi üçün şərait yaradılıb: "Bu məsələ təkcə DGK-dan asılı deyil, sistem tətbiq edilən kimi biz bütün nəzarət-buraxılış məntəqələrində onun işini təmin edəcəyik".
Komitə sədri qeyd edib ki, vətəndaşlar qanunla verilən imtiyazlardan sui-istifadə etməkdə davam edir: "Mən bunu dəfələrlə qeyd etmişəm, bir daha qeyd etmək məcburiyyətindəyəm. Bəzi iş adamları və vətəndaşlar, xüsusilə sərhədyanı bölgələrində yaşayanlar onlara qanunla verilən imtiyazlardan sui-istifadə edir. Nəticədə onlar bir sıra məhsulları şəxsi istehlak üçün gətirdiyini bəyan etsə də, sonradan o məhsulları satışa çıxarır. Bəli, daha çox problemlər siqaretlərlə bağlıdır. Lakin artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir. Təəssüflə onu da qeyd etməliyəm ki, bundan da sui-istifadə edənlər var. Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaret qaçaqmalçılığı faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir".
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı