OPEK hasilatın dondurulma müddətini açıqladı: 1 il

"OPEK üzvü olan ölkələr arasında hasilatın dondurulması ilə bağlı razılaşma bir il ərzində qüvvədə ola bilər". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu təşkilatın baş katibi Məhəmməd Barkindo bildirib.


Digər OPEK rəsmiləri isə hasilat məhdudlaşdırılmasının qaçılmaz olduğunu bildirsə də, bu müddətin bir ildən daha az davam edəcəyini irəli sürüblər.


Hazırda OPEK və Rusiya da daxil olmaqla, təşkilata üzv olmayan neft nəhəngləri arasında hasilatın müəyyən səviyyəyədək dondurulması məsələsi ilə bağlı müzakirələr gedir. Bu istiqamətdə danışıqlar artıq uzun müddətdir ki davam etsə də, indiyədək ən azı bu addımın reallaşdırılması üçün tutarlı bir plan mövcud deyil.

 

Bir qədər öncə Əlcəzairin energetika naziri Nürəddin Buterfa hasilatın istənilən səviyyəyədək məhdudlaşdırılmasının yaxın altı ay ərzində bazarın balanslaşdırılmasına yol açacağını bildirib.


OPEK üzvləri arasında növbəti qeyri-rəsmi görüş sentyabrın 28-də keçiriləcək Beynəlxalq Energetika Forumu çərçivəsində reallaşacaq. Sözügedən toplantıda hasilatın məhdudlaşdırılması ilə bağlı ilkin razılıq əldə olunarsa, qurumun növbəti toplantısı imzalanacaq sənəd müddəalarının müzakirəsinə həsr olunacaq. Xarici mətbuatın iddiasına görə, neft hasilatının dondurulması haqqında ilkin razılaşmanın müzakirəsindən sonra müvafiq qərar OPEK üzvlərinin noyabrın 30-da keçiriləcək rəsmi görüşü zamanı qəbul ediləcək.

Hasilatın dondurulması yaxın perspektivdə "qara qızıl"ın qiymətinin artması baxımından nəhəng istehsalçıların demək olar ki, hamısı üçün əlverişli olsa da, tərəflərin müzakirələri Əlcəzair görüşündə yekunlaşdıracağı inandırıcı görünmür.

Bundan əlavə, üzvlər arasında razılaşmanın əldə olunmasını şübhə altına alan bir neçə faktorun da mövcud olması tərəflərin konsensus əldə edəcəyinə inamı azaldır.


OPEK-in aprel görüşü zamanı İran hasilatın dondurulması prosesində iştirakdan imtina edərək, bunu sanksiyalardan öncəki səviyyəni bərpa etmək istəyi ilə əsaslandırıb. Səudiyyə Ərəbistanı isə İranın tutduğu mövqe səbəbindən son anda razılaşmadan imtina edib. Hazırda isə durum bir qədər dəyişib. Belə ki, sanksiyalardan əvvəlki səviyyənin bərpasına nail olan rəsmi Tehran təklif olunan sənədə imza atmağa meylli kimi görünür. Lakin bu da tam dəqiq deyil.

 

Bundan əlavə, Liviya, Nigeriya və Venesuela kimi OPEK üzvü olan ölkələrdə hasilat dərəcəsi vətəndaş müharibələri, terror hücumları və iqtisadi böhran səbəbindən əhəmiyyətli səviyyədə azalıb.

Yeri gəlmişkən, tərəflər qarşısında imzalanacaq razılaşmanın məcburi xarakter daşımadığını da unutmaq olmaz.

 

OPEK-in müəyyən etdiyi hasilat kvotası mütəmadi olaraq pozulur, ölkələr lazım olduğundan, daha çox "qara qızıl" hasil edir və belə olan halda imzalanacaq razılıq sənədinə riayət ediləcəyi şübhə doğurur.

 

Qeyd edək ki, hazırda Rusiya və Səudiyyə Ərəbistanı özlərinin hasilat gücündən daha çox neft istehsal edir. Bu şəraitdə bazardakı malik olduqları payın itirilməməsi səbəbindən Moskva və Ər-Riyadın hasilatın azaldılmasına gedəcəyi bir o qədər də inandırıcı görünmür.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR