Türkiyə ordusu İŞİD-in "ikinci paytaxtı"na hücuma hazırlaşır
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Suriya ərazisinə daxil olacaq.
APA TV-nin məlumatına görə, PKK terror təşkilatının Suriya qolu olan PYD-nin əlində olan Afrin ilə Menbiç arasında yerləşən, İŞİD-in nəzarət etdiyi Əl-Bab şəhərini azad etmək üçün türk ordusu müxtəlif planlar üzərində işləyir. Gözlənilən əməliyyatda xüsusi təyinatlılar, təyyarə və tanklarla yanaşı, Quru Qoşunlarına aid döyüşçü qruplarının da iştirak etməsi nəzərdə tutulur.
Türkiyə sərhədinin 30 kilometrliyində yerləşən Əl-Bab uğrunda əməliyyatın nə vaxt keçiriləcəyi bəlli olmasa da, buna ciddi hazırlığın aparıldığı məlumdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə ölkə sərhədlərinin tam təhlükəsizliyi üçün Əl-Babın azad edilməsinin şərt olduğunu açıqlayıb.
İŞİD terrorçularının Raqqadan sonra "ikinci paytaxtı" olaraq tanınan Əl-Baba çatmaq üçün öncə Dabık bölgəsi hədəflənib. Dabık Türkiyə sərhədinin 20 kilometrliyində yerləşir. Alınan məlumatlara görə, İŞİD bu bölgəyə canlı qüvvə və döyüş texnikası toplayır. Dabık ətrafında çoxlu sayda xəndəklər qazılıb, səyyar tank əleyhinə silahlar gətirilib, şəhər ətrafına mina və kustar partlayıcılar döşənib. İŞİD-in "Dabık" adında jurnalı var və terrorçular buranın "məhşər"in başlayacağı yer olduğuna inanırlar.
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusunun Sandarah və Kadriş kəndlərini İŞİD-dən azad etdiyi, ancaq türkmən kəndləri olan Taşlıhöyük və Sandi kəndlərinin yenidən terrorçuların əlinə keçdiyi bildirilir. Şavi kəndi isə İŞİD-in əlində iki saat qaldıqdan sonra yenidən müxaliflərin əlinə keçib. Digər iki kəndin azad olunması üçün döyüşlər aparılır. İŞİD-in kəndləri ələ keçirməsində ABŞ xüsusi təyinatlılarının dəstəyini qəbul etməyən Azad Suriya Ordusu içindəki "Sukur əl-Cəbəl" radikal qrupunun bölgədən geri çəkilməsinin rolu olduğu deyilir. Bu qrupun 600 nəfərlik döyüşçüsünü həmin kəndlərdən çəkdiyi qeyd olunur.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə avqustun 24-də "Fərat qalxanı" hərəkatına başlayıb. Əməliyyat nəticəsində Cerablus və Çobanbəy qəsəbələri, ətrafda yerləşən onlarla kənd İŞİD və PYD terrorçularından azad olunub. Dünən partlayış nəticəsində iki türk hərbçisinin şəhid olması ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyada şəhid olan hərbçi sayı 10-a çatıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı