Ev heyvanlarına necə qulluq etməli? - REPORTAJ
Əksər insanların heyvanlara xüsusi sevgisi olur. Amma kənardan sevmək başqa, evdə saxlamaq başqa. Məsələ məhz evdə saxlamaqla bağlı olanda iki dəfə düşünmək lazımdır. Çünki nə qədər sevgi ilə yanaşma olsa da, ev heyvanı qulluq və qayğı tələb edir.
“Pişiyim xəstələnib”, “itimə nəsə olub” kimi şikayətləri tez-tez eşidirik. Evin bir üzvü olan heyvanların sağlamlığına xüsusi diqqət etmək lazımdır. Bu mənada köməyə baytarlar gəlir. Müsahibimiz Tərlan Cavadov kimi. O, təxminən 7 ildir baytar işləyir. Deyir ki, heyvanlar da insanlar kimi sağlamlıqla bağlı kifayət qədər problem yaşayırlar. Elə klinikada gördüklərimiz də bunu təsdiq edir. Syoma adlı bu pişik eyvandan yıxılıb, Alisanın ayağında problem var, Ben isə peyvənd olunmaq üçün gəlib.
Adətən, it və ya pişiyə sahib olan kimi çöldə gəzdirmək həvəsi yaranır. Lakin diqqətli olun! Tərlan həkim bildirir ki, heyvanları peyvənd etmədən qətiyyən çölə buraxmaq, gəzdirmək olmaz: “Ən əsası alandan sonra çıxardıb çöldə gəzdirməsinlər. Əgər pişik və ya it peyvənd olunmayıbsa, çöldə gəzdirmək olmaz. Sırf iki peyvənd olunandan sonra (yaş həddindən asılı olaraq) çöldə gəzdirmək olar. Ən əsas səhvlər orada olur. Heyvan ona görə xəstələnir ki, peyvəndi vaxtında vurulmayıb. Gəzəndə xəstəliklərə yoluxurlar. Xəstəliklər isə müxtəlifdir. Küçüklər və pişik balalarının ilk aylarda tutduğu xəstəliklər çox zaman yaxşı nəticələnmir”.
Peyvəndin qrafiki heyvanın yaşından, sağlamlıq durumundan asılıdır. Artıq ilk müayinədə baytar ümumi peyvənd və qurd dərmanı üçün qrafiki, eləcə də bit və birələrə qarşı mübarizə tədbirlərinin nə zaman aparılacağını müəyyən edir. Bir küçüyə üç ayına qədər üç dəfə də peyvənd vurula bilər, iki dəfə də. Bu, peyvəndləmənin nə zaman başlanmasından asılıdır. Dörd həftəsində ilk peyvəndi vurmaq olar. Müəyyən müddət keçdikdən, qurd dərmanını verdikdən sonra iki dəfə də peyvənd oluna bilər: “Bir peyvənd vurulduqdan 21 gün sonra ikinci peyvənd vurulur. Bu günlər ərzində heyvan çölə çıxmamalıdır. Niyə məhz 21 gün? Çünki məhz bu müddətdə peyvənd bədəndə immun cavab yaradır. İkinci peyvənddən sonra 90-95% immunitet yaranır. Peyvənd yüz faizlik müdafiə yaratmır. Bunu peyvənd istehsalçıları da deyir, təcrübə də göstərir. Peyvəndin effektivliyi heyvanın immun statusundan asılıdır. Heyvan nə qədər güclüdürsə, peyvənd də o qədər yaxşı işləyəcək”.
Qurd dərmanı altı ayına qədər hər ay verilməlidir. Sonrakı mərhələdə isə ya 3, ya da 6 aydan bir. Mövsümi çətinliklərlə bağlı Tərlan həkim qeyd edib ki, payız aylarında gənələrlə mübarizəyə diqqət etmək lazımdır. Profilaktik tədbirlər zamanında görülsə, sonrakı aylarda rahatlıq olar: “Payız başlayanda gənələr daha aqressiv olur. Çünki soyuqlar yaxınlaşır, qan içib yumurta qoyurlar. Bu aylar mütəmadi olaraq heyvanları bit, gənə əleyhinə dərmanlamaq lazımdır. İndi etsələr, sonra rahat olacaq. Soyuqlar düşəndən sonra bit, gənə olmayacaq. Dərmanlamanı ay yarımda bir dəfə etmək lazımdır”.
O ki qaldı ev heyvanlarından insanlara keçə biləcək xəstəliklərə, Tərlan Cavadov qeyd edib ki, hamilələr diqqətli olsalar, yaxşı olar. Əgər evdə xüsusilə pişik varsa, həkimə məlumat verilməlidir. Pişiklərdən əsasən toksoplazmoz adlı xəstəlik keçə bilər ki, bunu da qan analizi vasitəsilə öncədən müəyyən etmək və qarşısını almaq olar. Heyvanlara məxsus elə xəstəliklər də var ki, heç evdə heyvan olmasa belə, insanda rast gəlinir, hava, yaxud qida vasitəsilə keçir. Ümumiyyətlə, təcrübədə ev heyvanı saxlayan insanlar üçün təhlükəli sayıla biləcək xəstəliklərə rast gəlinmir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı