Bakıda təcili yardım avtomobili qəzaya uğradı

Bakının Nərimanov rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.

 

Özəl klinikalardan birinə məxsus təcili tibbi yardım avtomobili Atatürk prospekti ilə həyəcan siqnalını işə salaraq, hərəkətdə olub. Bu zaman Məmməd Araz küçəsi ilə hərəkət edən “Lexus” markalı minik avtomobili onun qarşısına çıxıb.

 

“Lexus”un sürücüsü 24 yaşlı Fərid Qasımovun sözlərinə görə, o, avtomobili işıqforun yaşıl işığında idarə edib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər, müvafiq ekspertizalar təyin edilib. İlkin ehtimala görə, təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkətdə olub. Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

 

Şahidlərin sözlərinə görə, təcili yardım avtomobilində sürücüdən başqa heç kim olmayıb. Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb. Avtomobillər cərimə meydançasına aparılıb.

 

Qəzanın dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR