İran səfiri: "Gəncə, Qəbələ, Şəki, Lənkəran və Ordubadı unutmayacağam"

"Ölkənizdən xoş təəssüratlarla ayrılıram". APA TV-nin məlumatına görə, bu fikirləri ölkəmizdəki diplomatik fəaliyyət müddəti başa çatan İranın fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında səsləndirib.

 

O, Azərbaycanda olduğu müddətdə heç bir halda qəriblik hissi keçirmədiyini, ölkəmiz və xalqımızın onun yaddaşında xoş təəssüratlar buraxdığını qeyd edib: "Mən ölkənizdə qətiyyən qəriblik hissi keçirmədim. Özümü eynilə öz ölkəmdə olduğum kimi hiss etdim. Bizim adət-ənənələrimizdə olduğu kimi, din, məzhəb anlayışlarında da böyük oxşarlıq var. Bu oxşarlıq bizi bir-birimizə daha da doğmalaşdırır".

 

Səfir Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, ərazi bütövlüyümüzün dəstəkləndiyi ilə bağlı ölkəsinin mövqeyini bir daha təkrarlayıb: "Biz Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik. Biz coğrafi ərazilərin zorla dəyişdirilməsinin əleyhinəyik. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Münaqişənin həll olunmasını arzulayırıq və onun həllində əlimizdən gələn köməyi etməyə hazırıq”.

 

Möhsün Pak Ayin həmçinin İranda yaşayan ermənilərin keçirdiyi olimpiada zamanı erməni idmançının yarışlara separatçı rejimin bayrağı əks olunan geyimlə çıxmasına da münasibət bildirərək, təmsil etdiyi dövlətin bu məsələyə sərt reaksiya verdiyini diqqətə çatdırıb: "İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq".

 

Səfir eyni zamanda fəaliyyəti müddətində bir çox bölgələrə səfər etdiyini, onların hər birinin özünəməxsus xüsusiyyətləri ilə yaddaşında iz buraxdığını vurğulayıb: "Gəncəni Nizami Gəncəviyə görə çox sevirəm. O, iki ölkənin müştərək mirasıdır. Nizami Gəncəvi Firdovsidən sonra farsca mükəmməl əsərlər yazan bir şair olub. Mən hələ uşaqlıqdan Nizaminin əsərlərini sevərək oxumuşam. Daha sonra Qəbələni xatırlamaq istərdim. Çox gözəl təbiəti var. Qəbələdəki kanat yolu xüsusilə gözəldir. Lənkəran isə həm təbiəti, həm də özünəməxsus cəhətlərinə görə unikaldır. Şəkiyə gəlincə, bu regionu mədəniyyəti və başqa bölgədə olmayan adətlərinə görə unutmayacağam. Naxçıvanda isə xüsusilə Ordubadı çox bəyənmişəm. Çox füsunkar təbiətə malik regiondur".

 

Sonda Möhsün Pak Ayin ölkəsinə qayıtdıqdan sonrakı dövr üçün görəcəyi işlərə toxunaraq, fəaliyyətini Xarici İşlər Nazirliyi sistemində davam etdirəcəyini bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR