Prezident Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib

Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.

 

Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, 2019-cu ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda “avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq. Sözsüz ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

 

Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlini qoyub.

 

Dövlət başçısına məlumat verilib ki, son vaxtlar 80-dən çox müasir texnika alınaraq ölkəyə gətirilib. Müxtəlif texnoloji nəqliyyat vasitələrindən, traktor-maşın mexanizmlərindən və stasionar güc aqreqatlarından ibarət olan bu avadanlıqlar neft və qazın hasilatının sabit saxlanmasına, quyuların yeraltı əsaslı və cari təmirinə geniş imkanlar yaradır, onlar uğurla sınaqdan çıxarılıb.

 

Təməlqoyma mərasimindən sonra zavodun kollektivi ilə görüşən prezident İlham Əliyev bildirib ki, gələcəkdə görüləcək işlər bu zavodun dünya səviyyəli bir zavoda çevrilməsinə gətirib çıxaracaq.

 

Dövlət başçısı deyib ki, yeni texnologiyalar tətbiq olunmalı, bu neftayırma zavodu dünyanın ən yüksək standartlarına cavab verməlidir: “Bu zavodun yenidən qurulması təqribən 2-3 il çəkəcək. Ondan sonra ən yüksək səviyyəli yanacaq - dizel yanacağı, benzin, aerokerosin istehsal olunacaq. Burada ən yüksək ekoloji standartlar təmin ediləcək, neftayıranların iş şəraiti yaxşılaşacaq. Ölkəmizin inkişafı üçün bu zavodun xüsusi əhəmiyyəti var. Hazırda bizdə yanacağın mütləq əksəriyyəti demək olar ki, bu zavodda istehsal olunur. Bu bizim inkişafımız, təhlükəsizliyimiz üçün çox böyük məna daşıyan bir müəssisədir. Çünki bizim böyük neft ehtiyatlarımız var və neft sənayesinin bütün zənciri Azərbaycanda mövcuddur - hasilat, daşıma, emal, satış, ixrac, həm neft məhsulları, həm xam neft. İndi son vaxtlar qaz ixracı ilə məşğul olmağa başlamışıq.

 

Orada da çox böyük potensial var. Yəni, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq. Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıb. İndi “Ağ şəhər” bulvarı gəlib Neft Emalı Zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək, beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası yaradılacaq”.

 

Dövlət başçısı qeyd edib ki, ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi bir biri ilə bağlıdır: “Bu işlərin bir məqsədi var - Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi. Ona görə, bu gün - Neftçilər günü ərəfəsində gəldim ki, sizinlə bərabər bu təməlqoyma mərasimində iştirak edim. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun əsaslı modernləşdirilməsinin birinci günüdür".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR