Qəbul imtahanları başladı
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
APA TV-nin xəbərinə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 3 saat davam edib.
APA TV-nin çəkiliş qrupu imtahanı Azərbaycan Kooperasiya Universitetində izləyib. Çəkiliş apardığımız müddətdə heç bir qayda pozuntusu ilə rastlaşmadıq. İmtahan rəhbəri Nüsrət Siracov bildirdi ki, imtahanda 25 956 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 22 044 abituriyent I qrup üzrə, 3912 abituriyent IV qrup üzrə imtahan verəcək: "Hazırda imtahanda heç bir qayda pozuntusuna rast gəlinməyib. İmtahan yüksək səviyyədə öz axarı ilə gedir. Bu binada 800-dən çox abituriyent imtahan verir. Bizim mərtəbədə 26 nəfər gəlməyib. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları aşağıda yüksək səviyyədə yoxlama işlərini həyata keçirib. Biz özümüz də nəzarət edirik. Qanun pozuntusu köçürülmə halları və yaxud telefon başqa bir hallara rast gəlinməyib".
İmtahanın bitməsinə 1 saat qalmış bəzi abituriyentlərin imtahan zalını tərk etdiyini müşahidə etdik.
- Yaxşı yazdım. Çoxuna cavab yazdım. Yaza bilmədiyim açıq tiplilər idi. Birinci qrupa imtahan verdim. Özümə inanıram. 300-400 bal toplayacağam.
- Birinci qrupa imtahan verdim. Yazdım çıxdım. 123 suala cavab yazdım. Hələ bilmirəm neçəsi düzdür, amma özümə güvənim var.
- Hər şey yaxşı idi. Nəzarət çox güclü idi. Bildiklərimi yazdım, haradasa hər fəndən 10-15-ni yazdım. Birinci qrupa imtahan verirdim. Suallar oxuyanlar üçün asan idi. Bilməyənlərə çətin ola bilər. İnşallah, qəbul olacağam, valideynlərimi sevindirəcəyəm.
Qeyd edək ki, imtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək