Nazir: “Azərbaycan Qarabağ danışıqlarının gedişi barədə Türkiyəni məlumatlandırıb”

“Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir. Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Türkiyəli nazir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu həllinin tərəfdarı olduqlarını vurğulayıb. O bildirib ki, aprel hadisələrinin təkrarlanmaması vacibdir və Ermənistan bu cür təhriklərdən çəkinməlidir: “Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.

 

M.Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan Qarabağ danışıqlarının gedişi barədə Türkiyəni məlumatlandırıb. Onun sözlərinə görə, Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır. “Bu hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək” - deyə nazir qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR