Prezident İlham Əliyev: "Poroşenkonun Azərbaycana səfəri çox ciddi siyasi addımdır"

Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edildi. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilib. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz".

 

APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşündən sonra mətbuata bəyanatında deyib.

 

Dövlət başçısı siyasi əlaqələrin inkişafının geniş müzakirə edildiyini bildirib. O qeyd edib ki, biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik,

 

Prezident İlham Əliyev iqtisadi sahədə də çox böyük potensialın olduğunu qeyd edib: “Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, - biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda Azərbaycanın artıq çox geniş ixrac imkanları var və Ukrayna bazarı - böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilib. Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var. Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə - 200 milyon dollardan çox sərmayə qoyub, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir. Eyni zamanda vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verilib. Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var".

 

Prezident yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyini bildirib. O qeyd edib ki, bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır.

 

Dövlət başçısı Prezidentlər Şurasının iclasını bütövlükdə çox yüksək qiymətləndirdiyini və gələcəkdə Ukrayna-Azərbaycan əlaqələri bu gün Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcəyinə əmin olduğunu qeyd edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR