Gəncədə qadını soyan şəxs: "Borcum vardı..."

Gəncədə gecə saatlarında küçədə soyğunçuluq edən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə gecə saat 1:00 radələrində baş verib.

 

Nizami rayonunun Mirzə Fətəli Axundov küçəsində yaşayan şəhər sakini, 54 yaşlı Bulxar Zeynalova işdən evə gedərkən küçədə hücuma məruz qalıb. Naməlum şəxs qadını bıçaqla hədələyərək, üzərindəki 90 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Gəncə şəhər sakini, 33 yaşlı Vüqar Xəlilov saxlanılıb. İstintaqa ilkin ifadəsində o deyib ki, küçədə təsadüfən gördüyü qadını borcunu qaytarmaq üçün soyub və bu zaman içkili olub.

 

Əvvəllər məhkumluğu olmayan Vüqar Xəlilov əməlindən peşmançılıq hissi keçirdiyini deyir. Polis isə onun başqa cinayət tərkibli əməllərdə iştirakının olub-olmamasını araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR