Poroşenko: "Özümüzü çox qonaqpərvər ölkədə hiss edirik"

Prezidentlər İlham Əliyevin və Petro Poroşenkonun təkbətək görüşündən sonra Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası olub.

 

APA TV-nin xəbərinə görə, iclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyev bugünkü görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələri üzrə geniş müzakirələrin aparıldığını bildirib. Bu səfərin əlaqələrimizin inkişafında önəmini qeyd edən dövlət başçısı Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının müzakirələrin aparılması və qərarların qəbul edilməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Prezident İlham Əliyev deyib ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla müzakirə olunacaq məsələlərin həlli üçün yaxşı potensial var. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfərinin ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsi və Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.

 

Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ukrayna prezidenti Petro Poroşenko ölkəmizin paytaxtında ilk saatlardan gördüklərinin onlarda dərin təəssürat yaratdığını bildirib. O, Bakının təkcə gözəlliyini deyil, paytaxtdakı insanların yüksək əhval-ruhiyyəsini də müşahidə etdiklərini vurğulayıb və ilk dəqiqələrdən nümayəndə heyəti üzvlərinin özlərini çox qonaqpərvər ölkədə hiss etdiklərini deyib.

 

İclasda siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko imzalayıblar.

 

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov imzalayıblar.

 

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavel Klimkin imzalayıblar.

 

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Petro Poroşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR