Hansı ölkədə yaşamaq istərdiniz? - SORĞU
Bəzən insanlar hər gün yaşadığı şəhərdən, hər gün gördüyü küçələrdən, insanlardan sıxılır. Elə o zaman bir anlıq İsveçrədə, Kanadada, ABŞ-da, İngiltərədə, ya da başqa bir ölkədə həyatın necə olmağı barədə düşünür, orada yaşamağın xəyalını qururlar.
Biz də APA TV olaraq paytaxt sakinləri arasında sorğu apardıq. Görəsən, vətəndaşlarımız Azərbaycandan başqa hansı ölkədə yaşamaq istəyərdilər?
- Rusiyadan başqa heç bir ölkədə olmamışam. Ancaq bilmirəm hansı ölkədə yaşamaq istərdim. Hansı ölkədə insan kimi yaşamaq mümkündürsə, orada yaşamaq istərdim.
- İsveçrə, İngiltərə, ya da Amerika. Azərbaycan mentaliteti xoşuma gəlmir. Camaatın bir-birinə baxış açısı. Başqa ölkələrdə yoldan keçənə qarışmaq yoxdur. Amma Azərbaycanda gedirsən oturursan bir yerdə, camaat az qala yığışır adamın başına. Bir də bəzi növ insanlar var, çıxırlar bulvara, işləri gücləri qız arxasınca qaçmaqdır. Belə şeylər xoşuma gəlmir deyə, burada yaşamaq istəmirəm.
- Hindistanda yaşamaq istərdim. Geyimləri, mahnıları xoşuma gəlir.
- Norveçdə, İsveçdə, Danimarkada. Çünki ora ölkə baxımından zəngin ölkədir, şəraitləri yüksəkdir, insanları gözəldir. Uşaqlıqdan arzum o olub. Həm yaşamaq, həm də təhsil almaq.
- Hər bir ölkədə yaşamaq istərdim, MDB ölkələrindən başqa.
- İsveçrədə. Orada yaşayış səviyyəsi normaldır. Oranın müvafiq qanunvericiliyinə görə, hər bir vətəndaş ömründə bir dəfə pulsuz hər hansı bir ölkəyə üç günlük səfər edə bilər. Təəssüflər olsun ki, bizdə yoxdur. Yaşayış səviyyəsinə, əhalisinə, həm də gözəlliyinə görə orada yaşamaq istərdim.
- Amerikada istəyərdim. Şəraitinə görə.
Azərbaycandan başqa heç bir xarici ölkədə yaşamaq istəməyən Bakı sakinlərinin də sayı az deyil:
- Elə Azərbaycanda.
- Azərbaycanda. Öz vətənimizdir də.
- Öz ölkəmi heç kəsə satmaram. Acından da ölsəm, öz millətimi, öz ölkəmi satmaram.
- Çətin sual soruşdunuz. Elə öz ölkəmdə yaşamaq istərdim.
- Elə Azərbaycanın özündə yaşamaq istərdim, çünki biz digər ölkələrdəki daxili mentaliteti, onların daxili problemlərini bilmirik. Həm də inanmıram ki, oralar öz vətənimizdən yaxşı olsun.
- Azərbaycanda. Çünki Azərbaycanı sevirik, Azərbaycanda yaşayırıq və bu torpaqda da qalacağıq.
- Bakıda. Mən Naxçıvandan qonaq gəlmişəm. Ürəkaçıcı yerdir, gözəldir. Dünyada öz millətimizdən gözəl ola bilməz.
- Elə burada yaşamaq istərdim. Çox xoşbəxtəm.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək