Londonun keçmiş meri xarici işlər naziri oldu

Londonun sabiq meri, Mühafizəkarlar Partiyasının üzvü Boris Conson Böyük Britaniyanın xarici işlər naziri təyin edilib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı bütün işlər yeni xarici işlər nazirinə həvalə edilib.

 

Qeyd edək ki, Osmanlı imperiyasının sonuncu daxili işlər naziri Əli Kamalın nəticəsi olan B.Conson Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əsas tərəfdarlarından biri olub. 2008 və 2012-ci illərdə Londonun meri seçilən Boris Conson 2016-cı ildə keçiriləcək seçkilərdən isə imtina edib. Britaniyanın baş naziri postuna əsas namizədlərdən olan siyasətçi son anda bu qərarını da dəyişib.

 

Hökumətdəki digər dəyişikliklərə gəlincə, Böyük Britaniyanın sabiq xarici işlər naziri Filip Hammond bundan sonra maliyyə nazirliyinə rəhbərlik edəcək. Sabiq baş nazir Devid Kemeronun "sağ əli" sayılan maliyyə naziri Corc Osborn istefaya gedib. Daxili işlər naziri vəzifəsinə isə sabiq energetika naziri Amber Radd gətirilib.

 

Müdafiə naziri Maykl Fellon öz vəzifəsində qalıb. Keçmiş müdafiə naziri Liam Foks yeni yaradılan Xarici Ticarət Nazirliyinə rəhbərlik edəcək.

 

Xatırladaq ki, Mühafizəkarlar Partiyasının lideri Tereza Mey dünən rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib. Kraliça II Yelizaveta ona rəsmi olaraq yeni hökuməti formalaşdırmağı tapşırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR