NATO və Rusiya yenə anlaşa bilmədi

"Görüş zamanı hər hansı bir irəliləyişə nail olunmayıb. Tərəflər arasındakı fikir ayrılıqları hələ də qalmaqdadır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının iyulun 13-də keçirilən görüşünün detallarını açıqlayarkən bildirib.

 

O, görüş zamanı tərəflərin ilk növbədə Ukrayna məsələsi üzərində dayandığını önə çəkib.

 

Y.Stoltenberqin sözlərinə görə, sonuncu görüş zamanı da Rusiya ilə alyans arasında bu məsələdə mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb. Lakin, şura üzvləri Ukraynanın şərqində yaşanan münaqişənin həlli istiqamətində diplomatik fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Baş katib qeyd edib ki, keçirilən ikitərəfli müzakirələrdə tərəflər eyni zamanda qarşılıqlı münasibətlərdə əminlik və stabilliyin təmin edilməsində birgə məsuliyyət daşıdıqlarını ifadə ediblər: "Bizim həm ikitərəfli, həm də çoxtərəfli hərbi əməliyyatların aparılması üçün müəyyən olunmuş xüsusi normalarımız mövcuddur və biz bu normaların təkmilləşdirilməsi üzərində uzun müddət çalışmışıq".

 

Baş katib eyni zamanda tərəflər arasında mümkün insidentlərin qarşısını almaq üçün müzakirələrdə şəffaflığın təmin edilməsinin önəmindən də danışaraq, rəsmi Moskvanın Varşavada qəbul edilən qərarların vacibliyi barəsində məlumatlandırıldığını da söyləyib.

 

Y.Stoltenberq Rusiyanın Baltik regionunun hava məkanında risklərin azaldılması təşəbbüsünü dəstəklədiyi və rəsmi Moskva ilə bu istiqamətdə növbəti görüşü gözlədiklərini nəzərə çatdırıb.

 

Rusiyanın alyans yanında daimi nümayəndəsi Aleksandr Qruşko da ölkəsinin alyansla hərbi insident riskinin azaldılması üzrə dialoqa hazır olduqlarını təsdiqləyib. O, bildirib ki, Avropanın stabilliyinə gedən yol NATO-nun Şərqi Avropada yeni hərbi qüvvələr cəmləşdirməsini dayandırmasından keçir.


Şuranın sonuncu toplantısına hərbi ekspertlərdən də reaksiya gəlib.

 

Moskvanın Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko NATO-Rusiya toplantısının tərəflər arasındakı fikir ayrılıqlarını bir daha ortaya qoyduğunu və nəticəsiz başa çatdığını açıqlayıb.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR