Aydın Əliyev: "Tax free" ilkin mərhələdə hava limanında tətbiq olunacaq"
"Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanacaq". APA TV-nin xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər", - deyə A.Əliyev bildirib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan ərazisində alış-veriş edən əcnəbilərə ölkəni tərk edərkən ƏDV sərbəst dönərli valyuta ilə qaytarılacaq.
Qurum rəhbəri əlavə edib ki, sistemin tətbiqi ilə bağlı qaydalar hazırlanacaq və bir müddət sonra ictimaiyyətə açıqlanacaq.
"Sistemin ilkin mərhələdə hava limanında, ardınca isə hər bir yerdə tətbiq olunması gözlənilir. Dövlət Gömrük Komitəsi sistemin tətbiqinə tam hazırdır", - deyə A.Əliyev qeyd edib.
Komitə sədri Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edilməsi barədə qərarına da münasibət bildirib. Onun sözlərinə görə, dəyişikliklərin məqsədi nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaqdır.
"Yeni dəyişikliklərə əsasən ölkəyə gətirilən ərzaqlar üçün limit 30 kiloqramadək qaldırılıb. Ümumilikdə, dəyişikliklərin məqsədi nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaqdır. Biz dəfələrlə mətbuat vasitəsilə bununla bağlı açıqlamalar vermişik, amma yenə də təəssüf hissi ilə qeyd edirəm ki, bizim vətəndaşlarımız verilən imtiyazlardan sui-istifadə edirdi. Bu, daha çox sərhəd bölgələrinin əhalisinə aiddir. Hər dəfə 3 blok siqaret, 3 litr spirtli içki, 10 kiloqram ərzağın gətirilməsinə icazə verilirdi. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız az qala hər gün bu işlə məşğul olurdu. Hətta bəziləri neytral ərazi deyilən yerdən bu məhsulları toplayırdı və ölkə ərazisinə vergi ödəmədən gətirirdi. Hətta gömrük-sərhəd məntəqələrində ictimai asayişi pozanlar da var idi. Nazirlər Kabinetinin son qərarı çox gözəl şəkildə bunu tənzimləyir", - deyə A. Əliyev bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək