Astarada yas mərasimində iştirak edən ailənin evi külə döndü

Astarada güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi ərazisində, 58 yaşlı Nənəbacı Ağadədə qızı Əbilovaya məxsus fərdi yaşayış evində qeydə alınıb.


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və üç yanğınsöndürən maşını cəlb olunub. Onların səyləri ilə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 150 kv. m olan birmərtəbəli, 3 otaqlı, aynabəndli fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.


İlkin versiya kimi yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan  qaynaqlandığı bildirilir. Ev sahibi Nənəbacı Əbilova yanğın vaxtı evdə olmadığını deyib: "Yasa getmişdim. Qardaşımın qayınatası rəhmətə gedib, onun yasına getmişdim. Orda dedilər ki, eviniz yanır. Qısaqapanma olub, haradan olub, bilmirəm. İki evin cehizi yanıb kül oldu. Evdən heç nə çıxara bilmədik".

 

Hadisənin dəqiq başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR