Prezident: “Zəbt edilmiş torpaq sahələrinin bir hissəsi məmurlara məxsusdur”

Azərbaycanda zəbt olunmuş torpaq sahələrinin bir hissəsi məmurlara məxsusdur. APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

“Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər” - deyə prezident qeyd edib.

 

Dövlət başçısı deyib ki, Prezident Administrasiyasına müvafq göstəriş verilib və əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır.

 

Prezident yoxlamaların dayandırılması ilə bağlı tapşırıqdan sonrakı vəziyyətə də toxunub: “Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır? Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq”.

 

Prezident məlumat verib ki, ilin altı ayında 78 min daimi iş yeri açılıb. Dövlət başçısı deyib ki, həm özəl sektora, həm də dövlət qurumlarına ixtisarlara getməmək ciddi tövsiyə edilib: “Bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR