Əbülfəs Qarayev: "Novxanıda pulsuz çimərlik kompleksi fəaliyyətə başlayacaq"

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Turizm və media: İnkişafa aparan yol" mövzusunda konfrans və çap və elektron media orqanlarına çalışan jurnalistlər arasında "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektivlər" mövzusunda elan olunmuş yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sözügedən tədbirin rəhbərlik etdiyi nazirliklə media arasında mövcud sıx əməkdaşlığa bariz nümunə olduğunu diqqətə çatdırıb.

 

Əbülfəs Qarayev son illər yay turizmi sahəsində görülən işlərdən danışaraq, yaxın vaxtlarda Novxanıda dövlətin bilavasitə dəstəyi ilə vətəndaşlara tamamilə pulsuz xidmət göstərəcək çimərlik kompleksinin fəaliyyətə başlayacağını bildirib.

 

Turizm sektorunda mövcud qiymətlərə də toxunan nazir son vaxtlar bu qiymətlərin xüsusilə də qonşu ölkələrdəki qiymət göstəriciləri ilə müqayisə edilməsinin tamamilə yanlış olduğunu xüsusilə qeyd edib.  O, müxtəlif tədbirlərdə mətbuatın bu sahədəki qiymətlərlə bağlı sual verməsindən gileylənib.

 

Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında turizm sahəsində təhsilin inkişafı ilə bağlı görülən işləri də dəyərləndirib: "Bizim Turizm və Menecment Universitetinin proqramları davam etdirilir. Biz nəinki Avstriyanın təhsil ocaqları ilə əməkdaşlıq edirik, ikili diplom proqramını həyata keçiririk, hazırda Mingəçevirdə yerləşən kollecdə də bu işi davam etdiririk. Turizm Universitetinin nəzdində Peşə Məktəbinin fəaliyyəti çox təqdirəlayiqdir. Burada artıq ildə 600 nəfər aşpaz, xidmətçi və turizm meneceri kimi digər mütəxəssislər hazırlanır. Bizim arzumuz və istəyimiz odur ki, regionlarda bu peşə məktəblərini genişləndirək".

 

Tədbirin yekununda jurnalistlər arasında keçirilmiş Azərbaycan turizmi: mövcud vəziyyət və perspektivlər" mövzusundakı müsabiqə qalibləri mükafatlandırılıb. Qaliblər arasında "APA Holding"in əməkdaşları Cavid Zeynallı və Ləman Mustafaqızının da adları var.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR