Şəhid tankçımız Mingəçevirdə dəfn edildi

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Rahim Qara oğlu Tağıyev Mingəçevir şəhərində dəfn edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhidin nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

 

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Rahim Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Tağıyev iyulun 10-da səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

 

Ailəli, 3 uşaq atası idi. Allah rəhmət eləsin!!!

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR