Prezident İlham Əliyev: “Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər”
İyulun 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirib.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb: “Son 3-4 ay ərzində tarixdə danışıqlarda görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər".
Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu bildirib. Prezident deyib ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalıb. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. “2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”, - deyən dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-cı ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb: "İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək və ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Ancaq biz gərək indi digər məhsullar üçün rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər. Ona görə də bu bazarlara girmək üçün gərək böyük səylər göstərək".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək