Buynuz möcüzəsi: Altaylardan Azərbaycana... - XÜSUSİ REPORTAJ

Sınanılmış qədim təbabət növlərindən biri də Altay təbabətidir. Altay təbabəti haqqında çoxsaylı əfsanələr dolaşır. Bu ərazidə yaşayan əhalinin müxtəlif xəstəliklərə münasibəti, müalicə üsulları fərqlidir.

 

Qədim dövrlərdən gələn metodlar bu gün də alternativ tibdə maraqla qarşılanır. Bunlardan biri də Altay maralının buynuzundan istifadə olunaraq aparılan müalicədir. Hələ e.ə. 168-ci ilə aid olan əlyazmada pant vannaları haqqında məlumat verilib. Maralın tam sümükləşməmiş buynuzu pant adlanır. Deyilənə görə, pant vannaları 52 xəstəliyin çarəsidir. Bu müalicə üsulu haqqında məlumatı olanlar Altaylara üz tuturlar. Deyilənə görə, dünyaca məşhur insanlar da sağlamlıqlarını qorumaq üçün pant vannalarından istifadə edirlər.

 

Altaylara üz tutanlar arasında azərbaycanlılar da az deyildi. Amma son 1 ilə qədər. Çünki artıq Azərbaycanda da maral buynuzunun möcüzəvi təsirlərindən yararlanmaq imkanı var. Belə ki, bir neçə il öncə Altay dağlarından cins marallar gətirilərək, təsərrüfat yaradılıb.

 

Maral təsərrüfatı təxminən 4 il öncə yaradılıb. Mühitin əlverişli olması onların sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, hazırda təsərrüfatda 120-ə yaxın maral saxlanılır.

 

Təsərrüfat 4 il öncə yaradılsa da, praktiki olaraq müalicəyə ötən ildən başlanıb. Amma bu haqda bir qədər sonra. Öncə maral buynuzunun kəsilməsi və ümumiyyətlə, bəzi xüsusiyyətləri haqqında məlumat verək.

 

Məlumdur ki, maral ilboyu böyüyən və ildə bir dəfə təbii şəkildə qırılıb düşən buynuza malik yeganə məməlidir. Maralın buynuzu baharda, aprel-may aylarında sümükləşməmiş şəkildə olanda kəsilir. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10 prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində 23 amin turşusu var.

 

Təsərrüfatda saxlanan maralların buynuzları ildə 2 dəfə müayinəyə göndərilir. Yeri gəlmişkən, məhz bu müayinələr nəticəsində məlum olub ki, buraya gətirilən maralların buynuzlarının tərkibi daha zəngindir. Müalicəyə gəldikdə, tam kurs 10 gün davam edir.  

 

Prosedur hər gün aparılır. Öncə duş qəbul edilir, çünki vücud təmiz olmalıdır. Daha sonra öncədən maral buynuzundan hazırlanmış bulyonda 36, 37, hətta 40 dərəcəlik temperaturda 20 dəqiqə ərzində vanna qəbul edilir. Vannadan sonra 3 saat gözləmək lazımdır. Daha sonra duş qəbul etmək olar.

 

Ənənəvi Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyinin artırılması, müqavimətin gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində faydalıdır. Pant vannaları ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir, arterial təzyiqi tənzimləyir, varikoz genişlənmənin inkişafını zəiflədir, müxtəlif onurğa və oynaq xəstəlikləri zamanı effektivdir. Travmalar və əməliyyatdan sonrakı bərpa dövründə sağalma prosesini sürətləndirir. Mədə-bağırsaq sistemi, bronxial astma, dermatoloji xəstəliklərin müalicəsində, hətta piylənmə zamanı pant vannası geniş istifadə olunur. Bu müalicə metodunun unikallığı xəstələrin heç bir ağrı hiss etməməsidir. Yalnız onkoloji problemlər zamanı pant vannası qəbul etmək məsləhət görülmür. Üstəlik, sübut olunub ki, pant vannası qəbul edən şəxs bir neçə il cavanlaşır. Pantlardan müxtəlif maskalar da hazırlanır. Ümumiyyətlə, pant vannasını 6 aydan bir, ildə iki dəfə qəbul etmək olar. Qiymətlərə gəlincə, bir günü 140 AZN olmaqla tam müalicə kursu 1400 AZN-ə başa gəlir.

 

Alternativ müalicə metodu kimi yeni olmasa da, heç də hər kəs bu barədə məlumatlı deyil. Layihənin rəhbəri Araz Qədimzadə deyir ki, hədəf yerli və xarici turistləri cəlb etməkdir: “Çox yeni bir sahə olduğu üçün gözləntilərimizin doğrulduğunu deyə bilmərəm. Amma ümid edirəm ki, təbliğat aparıldıqca, müraciətlər artacaq. Hədəfimiz təkcə Azərbaycan vətəndaşları deyil, həmçinin yaxın xarici ölkələrdən müştərilər cəlb etməkdir”.

 

Turizm üzrə ekspert Ruslan Quliyev də layihənin perspektivli olduğu fikrindədir. Onun sözlərinə görə, kifayət qədər maliyyə tələb edən müalicə üsulu olsa da, lazımi təbliğat aparmaqla əcnəbiləri cəlb etmək olar: “İnanıram ki, biz Körfəz ölkələrindən, Avropa ölkələrindən bura çox turistlər cəlb edə bilərik. Çünki avropalı üçün Azərbaycan Altaylardan daha yaxındır”.

 

Beləliklə, pant vannaları Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar yaradır. Dünyada bu müalicə metodu Altaylardan sonra yalnız ölkəmizdə tətbiq olunur. Odur ki, həmvətənlərimizə Altaylara qədər yol qət edib yorulmamağı, Xızıya üz tutmağı məsləhət görürük.

 

Sağlam olun!

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR