Yay mövsümünün xəstəlikləri: necə qorunmalı? - REPORTAJ
- İsti havalarda zəifləmə olur, iştahasızlıq olur. Başqa fəsadlar da olur, amma hamısını demək olmur. Biz yeməyimizə həddindən artıq diqqətli olmalıyıq. Qışda bir o qədər yox, amma yay aylarında xüsusən çox diqqətli olmaq lazımdır. Nələri yemək nələrdən sonra, nələrdən əvvəl. Hansı yeməklər bir-birinə uyğunlaşır, uyğunlaşmır.
- Çalışmaq lazımdır ki, günün altında çox dayanmayasınız. Hamıya da bunu tövsiyə edirəm.
- Mən isti havada özümü yaxşı hiss edirəm.
- Məndə çox problem var. Ayağıma su gəlir. Təzəlikcə qurtarmışam xəstəlikdən.
- İsti havalarda hərdən olur ki, ürək bulanması, baş gicəlməsi. O zaman da həkimlərə müraciət edirik.
- İsti havada çölə çıxmırıq. İsti havada çox qalsaq, baş ağrısı da ola bilər, ürək bulanması da.
Yay mövsümündə xəstəliklərin əksəriyyəti özünü daha çox büruzə verir. Bu xəstəliklər arasında daha çox müraciət olunan isə mədə-bağırsaq sistemi xəstəlikləridir. Bunun isə müxtəlif səbəbləri var. Terapevt-hepatoloq Könül Mahmudova APA TV-yə açıqlamasında bildirib ki, yay mövsümündə mədə-bağırsaq xəstəliklərinin üzə çıxmasının başlıca səbəbi mövsümi meyvə və tərəvəzlərdir: "Bildiyiniz kimi, onun tərkibindəki nitratların miqdarı bir qədər artıq olarsa, əlbəttə ki, mədə-bağırsaq sisteminə mənfi təsir göstərəcək. İkinci səbəb havanın isti keçməsi ilə əlaqədar insanların soyuq sudan çox istifadə etməsidir. Soyuq sudan həqiqətən də sui-istifadə olunur. Soyuducudan çıxmış, "mənə istidir" deyib içdiyimiz su əlbəttə ki, həm mədəaltı vəzimizə, həm də mədəmizə, 12 barmaq bağırsaqdan tutmuş düz bağırsağa qədər mənfi təsir göstərir. Çünki bizim ağız boşluğumuz birinci hər bir qidanın istiliyini istəyir, sonra isə onu mədəmiz hiss edir. Bu baxımdan çox diqqətli olmaq lazımdır".
Həkimin sözlərinə görə, kondisioner olan otaqlarda uzun müddət qalmaq da bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər: "Kondisioner istifadə olunmuş otaqlara tərli şəkildə girilir. Amma belə bir qayda var - əgər tərlədinsə, geyinməlisən, soyunmamalısan. Əslində budur. Çünki qızmış orqanizm birdən-birə mühitini dəyişərsə, temperaturu aşağı olan mühitə keçərsə, onun xəstələnmə ehtimalı daha çoxdur".
Müsahibimiz deyir ki, müraciət edən hər 10 xəstədən 8-də bağırsaq xəstəlikləri, müxtəlif cür eroziyalar, qastrit, müxtəlif mədə xoralarına rast gəlinir. Yay aylarında daha çox baş ağrıları olur ki, bunun da bəzən səbəbi məhz mədə-bağırsaq xəstəlikləridir: "Yay aylarında baş ağrıları sindrom kimi xəstəlikdir. Baş ağrısı o demək deyil ki, başdakı olan ağrıdır. Bu, mədə-bağırsağın da ilkin əlamətləri olaraq baş ağrıları kimi meydana çıxır. O mədə-bağırsaq sistemində olan faktdır. Aradan götürüləndən sonra, sistem normallaşandan sonra əlbəttə ki, gördüyümüz o baş ağrısı da ardan qalxa bilir".
Həkim deyir ki, yaxşı olardı mövsümi tərəvəz sayılan yemiş və qarpız avqust ayında yeyilsin: "İyunun əvvəllərindən bazarlarımızda qarpız, yemişi görmüş oluruq. Amma burda da nitratların səviyyəsi çox şey asılıdır. Gübrə dediyimiz maddələrin artıqlığı və yaxud azlığı mədə-bağırsaq sistemində problem yarada bilər. Amma qarpız-yemişin ən yeyiləsi dövrü, əlbəttə, avqust ayına təsadüf edir. Şübhələnirsinizsə, onu yemək qəti qadağandır".
Könül Mahmudovanın sözlərinə görə, yay aylarında insanlar gec yatır ki, bu da müxtəlif xəstəliklərə, o cümlədən mədə-bağırsaq problemlərinə gətirib çıxara bilir.
Qeyd edək ki, ötən ay 65 zəhərlənmə hadisəsi qeydə alınıb, nəticədə 79 nəfər zəhərlənib. Onlardan ikisi ürəkbulanma, qusma, ishal və halsızlıq kimi əlamətlərlə müşahidə olunan botulizm xəstəliyi ilə müraciət edib. Bu zəhərlənmələrə də səbəb ev şəraitində hazırlanmış müxtəlif qidalar olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək