Putinlə Obama razılığa gələ bilmədilər

ABŞ prezidenti Barak Obama ilə Kreml rəhbəri Vladimir Putin telefon danışığı zamanı Suriya məsələsində əməkdaşlıqla bağlı heç bir razılığa gələ bilməyiblər.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernst jurnalistlərə açıqlamasında bəyan edib.

 

Hər iki prezident arasındakı telefon söhbəti Kremlin təşəbbüsü ilə gerçəkləşib. Rusiya Prezidentinin Mətbuat Xidmətinin yaydığı rəsmi məlumatda V.Putinin ABŞ-dan olan həmkarını Suriya müxalifətinin "Ən-Nüsra Cəbhəsi" kimi atəşkəs razılaşmasına qoşulmayan digər terror qruplaşmaları ilə əlaqələrini dayandırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırdığı açıqlanıb.

 

Açıqlamada həmçinin tərəflər arasında Suriyadakı əməliyyatların daha sıx koordinasiya edilməsi, habelə, məsələnin siyasi yolla həlli üçün BMT-nin təşəbbüsü ilə gerçəkləşən danışıqlar prosesinin bərpası perspektivlərinin müzakirə olunduğu qeyd edilib.

 

Öz növbəsində Ağ Ev də hər iki dövlət başçısının telefon söhbətinin detallarını yayıb. Administrasiyadan bildirilib ki, söhbət zamanı Barak Obama Rusiya prezidentini Suriya ordusunun dinc əhaliyə hücumlara son qoyulması üçün prezident Bəşər Əsədə təzyiq göstərməyə çağırıb. B.Obama eyni zamanda hərbi əməliyyatların davam etməsindən rahatlığını ifadə edərək, Suriyada hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini önə çəkib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR