ABŞ-a qaçmış rus kəşfiyyatçısının ölüm xəbəri yayıldı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin ABŞ-a qaçmış polkovniki Aleksandr Poteyevin ölüm xəbəri yayılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, onun Birləşmiş Ştatların hansı şəhərində və hansı şəraitdə dünyasını dəyişməsi barədə məlumat verilmir.

 

Lakin bu xəbər Rusiyada birmənalı qarşılanmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə satqın kəşfiyyatçının taleyi ilə maraqlanmırlar. "İnterfax" məlumatlı mənbələrə istinadən məlumat yayıb ki, ölümü barədə rəsmi sənədlər əldə olunmayana qədər A.Poteyev Rusiyada sağ sayılacaq. Çünki bu məlumatların onun unudulmasına hesablanması istisna olunmur.

 

Qeyd edək ki, 64 yaşlı A.Poteyev SSRİ-nin ABŞ-dakı səfirliyində və Rusiyanın BMT-dəki nümayəndəliklərində çalışıb. O, Rusiya Xarici Kəşfiyyat Xidmətində qeyri-leqal kəşfiyyatçıların fəaliyyətini koordinasiya edib. 27 iyun 2010-cu ildə ABŞ-da Rusiyanın 10 nəfərdən ibarət casus qrupu ifşa olunub. Sonradan "Anna Çapmanın qrupu" adı ilə məşhurlaşan bu şəxslər casusluqda ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş Rusiya vətəndaşları ilə dəyişdirilib. İfşa olunmuş Rusiya casusları vətənə qayıtdıqdan sonra o vaxtkı prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin tərəfindən qəbul olunub. Onların missiyasının uğursuzluqla nəticələnməsinə görə heç bir məsuliyyət daşımadıqları və bundan sonrakı həyat şəraitinin dövlət tərəfindən təmin olunacağı ən yüksək səviyyədə bəyan olunub. Rusiya prezidenti onları “İgidlik” və IV dərəcəli “Vətən qarşısındakı xidmətlərinə görə” ordenləri ilə təltif edib.

 

A.Poteyev "Anna Çapmanın qrupu"nun ifşa olunmamışdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə ABŞ-a qaçıb. O, Rusiyada fərarilik və vətənə xəyanət maddələri ilə ittiham olunaraq, barəsində qiyabi olaraq 25 il həbs cəzası çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR