Zaqatalada quduz it və tülkü sakinləri dişlədi

Zaqatalada quduzluq xəstəliyə tutulması ehtimal edilən sahibsiz it biri uşaq olmaqla iki nəfəri dişləyib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə  verilən məlumata görə, iyulun 6-sı saat 17 radələrində rayonun Muxax kənd sakinləri 2005-ci il təvəllüdlü Gülarə Hikmət qızı Əhmədova və 1989-cu il təvəllüdlü Kamal Şəmsəddin oğlu Həmzəyev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi zamanı məlum olub ki, Muxax kəndinin girişində küçədə oynayan 11 yaşlı Gülarə Əhmədovanın sağ bud nahiyəsindən sahibsiz it dişləyib. Hadisə baş verən an  ərazidə olan Kamal Həmzəyev iti qovmaq istəyərkən it ona da hücum edərək onun da sağ ayağın baldır nahiyəsindən dişləyib.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Zaqatala RMX-dan verilən digər məlumata əsasən məlum hadisədən bir saat sonra rayonun Əliabad qəsəbə sakini olan 9 yaşlı Yasin Şəmşir oğlu Əliyev sol baldırın it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, Yasin Əliyevi qonşusunun iti dişləyib. Müayinədən sonra quduzluq əleyhinə peyvənd olunan yasın Əliyev evə buraxılıb.
 
Rayonun Muxax kəndində sahibsiz it dişləyən şəxslərin yaxınlarının APA TV-yə verdiyi məlumata görə, Gülarə Əhmədovanı və Kamal Həmzəyevi dişləyən itin quduzluq xəstəliyinə tutulması ehtimal edilir. Həmin it bir neçə gün idi ki ərazidə dolaşıb qəfildən adamlara hücum edirdi.

Sakinlərin sözlərinə görə, bir-neçə gün əvvəl həmin ərazidə quduzluq xəstəliyinə tutulması ehtimal edilən tülkü insanlara hücum edib və  tülkü sakinlər tərəfindən öldürülüb.

Məlum hadisədən sonra quduzluq xəstəliyinə tutulması ehtimal olunan sahibsiz it ərazidə olan sakinlər tərəfindən öldürülüb.

Sakinlər hadisə barədə müvafiq qurumlara məlumat verildiyini bildirirlər. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR