Ata, qız, dost: hamısı tutuldu - ABŞERONDA NARKOŞƏBƏKƏ

Azərbaycanda atanın qızından narkotik alverində istifadə etməsi üzə çıxıb. APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis İdarəsinə rayon ərazisində bir qrup şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub.


Əməliyyatçıların keçirdiyi operativ əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində dörd nəfər - Azər Rzayev, onun qızı Ülviyyə Rzayeva, onların tanışı Röyal Əliyev və Elman Həsənov saxlanılıblar. İdarəyə gətirilən şəxslərin üzərinə baxış zamanı onların hər birindən narkotik vasitə aşkarlanıb. Saxlanılan 48 yaşlı Azər Rzayevin bundan əvvəl də narkotik vasitələrdən istifadəyə görə məhkumluq həyatı yaşadığı ortaya çıxıb. Özünün dediyinə görə, 3 il  məhkumluq həyatı yaşadıqdan sonra bir müddət bu bəladan uzaq olub. Ancaq o, bu xoşagəlməz vərdişini təkrarlayıb.

 

Polis əməkdaşları üzərindən çıxan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş  çəkisi 0.225 qram olan heroini tanımadığı şəxsdən aldığını deyən Azərin bundan  daha böyük qəbahətini üzə çıxarıblar. Belə ki, onunla bərabər saxlanılan qızı 25 yaşlı Ülviyyəni də bu pis əməllərə özü vadar  edib. Hətta, atanın qızından narkotik vasitəni başqa şəxslərə çatdırmaq üçün kuryer kimi istifadə etdiyi də ehtimal olunur. Polis əməkdaşları  gənc qızı saxlayarkən üzərindən çəkisi 0.228 qram heroin aşkarlayıblar. Bu ailə ilə daha yaxından tanışlığı olan saxlanılan 3-cü şəxs Röyal Əliyevin üzərindən isə 0.199 qram heroin aşkarlanıb. 25 yaşlı Röyalın sözlərinə görə, Azər Rzayevin hazırda həbsdə olan oğlu ilə dost olub və ailəyə də gediş-gəlişi buradan yaranıb.

 

Daxil olan məlumat əsasında saxlanılan 4-cü şəxs Elman Həsənovun da üzərindən ümumi çəkisi 0.219 qram heroin aşkarlanıb. Əvvəllər eyni əmələ görə məhkumluq həyatı yaşadığını bildirən Elman əlini peşman olduğunu deyir.

 

Saxlanılan hər dörd şəxs barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb. Hazırda polis əməkdaşları saxlanılan şəxslərin narkotik vasitələri  kimlərdən aldıqlarını araşdırır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR