Avro-2016: Portuqaliya millisi finalda!

Futbol üzrə Avropa çempionatının ilk yarımfinal qarşılaşması keçirilib. APA TV-nin məlumatına görə, Lionda keçirilən oyunda Portuqaliya millisi Uels yığmasını 2:0 hesabı ilə məğlub edib.

 

Qarşılaşmanın hər iki qolu ikinci hissədə vurulub. 50-ci dəqiqədə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu hesabı açıb.

 

Bu, Ronaldunun 2016-cı ilin Avropa birinciliyindəki sayca üçüncü qolu idi. Kriştianu Ronaldu bu qolla Avropa çempionatlarında vurulan qolların sayına görə Fransa millisinin əfsanəvi futbolçusu Mişel Platiniyə çatıb. Onların hər ikisi Avropa birinciliklərində doqquz qol vurublar.

 

Portuqaliya-Uels qarşılaşmasında ikinci qol 53-cü dəqiqəyə təsadüf edib. Nani Ronaldunun qapı önünə göndərdiyi topa toxunmaqla onu qapıdan keçirib - 2:0.

 

Qeyd edək ki, Portuqaliya millisi əsas müdafiəçisi Pepe, Uels yığması isə yarımmüdafiəçi Aaron Remzi olmadan meydana çıxmışdı.

 

Beləliklə, Portuqaliya millisi Avro-2016-nın ilk finalçısı olub. Növbəti finalçı bu gün Almaniya-Fransa qarşılaşmasının yekununda bəlli olacaq. Final oyunu iyulun 10-da “Stad de Frans” stadionunda keçiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR