Daşkəsəndə selin dağıtdığı körpü və yol bərpa edilib

Daşkəsən rayonunda bir müddət bundan öncə aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib.

 

APA TV-nin xəbərinə görə, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.

 

Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi. Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmış vəziyyətdə idi.

 

Təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib. 24 paqon-metr uzunluğunda təkərqaytaranlar və dəmir məhəccərlər quraşdırılıb. Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.

 

Daşkəsən-Xoşbulaq yolunun 5–ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir.

 

Avtomobil yolunun altından suların ötürülməsi üçün iki gözlü, 12 paqon-metr uzunluğunda və 1500 mm diametrində boru quraşdırılıb.

 

Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarmışdı.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR