“Pulum oğurlanıb” dedi, özü həbs edildi

Abşeron rayonunda polisi aldatmaq istəyən şəxs həbs edilib. APA TV-nin məlumatına görə, Hökməli qəsəbə sakini Təhsin Allahquliyev Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq, ona məxsus fərdi yaşayış evindən 6300 dolar və 2600 manat nağd pulun oğurlandığını bildirib.

 

Dərhal sözügedən ünvana Abşeron Rayon Polis İdarəsinin əməkdaşları baxış keçiriblər. Evdən barmaq izləri götürülüb. Özünü zərərçəkən kimi qələmə verən Təhsin israrla polis əməkdaşlarına pulunun oğurlandığını bildirib. Ancaq əməliyyatçılar vətəndaşı dəfələrlə dindirmələrinə baxmayaraq, oğurluq iddiasında qaranlıq məqamın olduğunu üzə çıxarıblar.

 

Aparılan araşdırmalar nəticəsində ev sahibinin polisi bilərəkdən aldatdığı məlum olub. Təhsin Hökməli qəsəbəsindəki evi tanımadığı şəxsdən aldığını deyir. Lakin mənzilin sahibi olan qadın oğlunun onun icazəsi olmadan evi satdığı üçün dəfələrlə Təhsinə mane olub. Bu səbəbdən də mənzilindən oğurluq olması barədə polisə yalan ifadə verərək oğurluğu məhz həmin qadının törətdiyinə inandırmaq istəyib.

 

Tutduğu əməlindən peşman olduğunu desə də, Təhsin Allahquliyevin  bu peşmançılığı fayda verməyəcək. Abşeron Rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 296-cı (polisə bilərəkdən yalan ifadə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR