Ramazan bazarlığı: qiymətlər necədir? - XÜSUSİ REPORTAJ

11 ayın sultanı Ramazan ayı başa çatır. Dünyada və o cümlədən Azərbaycanda yaşayan müsəlmanlar Ramazan bayramına hazırlaşır. Bəs bayramqabağı qiymətlər necədir? Bahalaşma varmı?

 

Alıcılıq qabiliyyətinin necə olduğunu müşahidə etmək üçün üz tutduq paytaxtın 8-ci km bazarına.

 

Bazara daxil olduğumuz andan ilk təəssürat o qədər də pis deyildi. Digər günlərlə müqayisədə alıcıların sayında sıxlıq müşahidə edilirdi.

 

İlk olaraq bayramın əsas nemətlərindən sayılan xurmanın qiyməti ilə maraqlandıq. Satıcı bildirdi ki, Ramazan ayından əvvəl qiymətlər necə idisə, indi də eynidir. Xurmanın çeşidindən asılı olaraq qiymətlər 4-12 manat arasında dəyişir: "Bəzi xaricdən gələn məhsullarda artım var. Xurma və digər quru meyvələrdə - xurmadır, düyüdür, çərəzlərdir - o qədər də artım yoxdur. İrandan gələn xurmalar var 5-6 manat arası, Tunis xurması var 7 manata, Ərəbistan xurması var 8-12 manat arası. Qaysılar 9 manatdan 12 manata qədər  çeşidinə görə fərqlənir".

 

Müsahibimiz deyir ki, çərəzlərdə də qiymətlər dəyişməyib: "Bu il qoz-fındıqda o qədər də artım yoxdur. Düzdür, yerli mal da var, xaricdən gətirilən məhsul da. 7-15 manat arası dəyişir. Fındıq 10-13 manat arası dəyişir. Alıcılıq qabiliyyəti normaldır".

 

Düyünün qiymətinə gəlincə, satıcı bildirdi ki, yerli düyülər baha olduğu üçün satmırlar. Satışda əsasən İrandan gətirilən düyülər var ki, çeşidindən asılı olaraq qiymətləri 2-3 manat arası dəyişir.

 

Daha sonra meyvə və tərəvəzlərin qiyməti ilə maraqlandıq. Mövsümünə uyğun olaraq ən çox alınan qarğıdalının 4 ədədi 1 manatdır. Badımcanın 3 kq-ı 1 manat, bibərin 1 kq-ı 50 qəpik və ya 20 dənəsi 1 manatdır. Kartofun qiyməti 40-80 qəpik arasında dəyişir. Soğan və lobyanın 1 kq-ı 60 qəpik, yemişin qiyməti isə 50 qəpikdir: "Ən ucuz qiymətlərdir. Xiyar 3 kq-ı 1 manata 50 qəpiyə. Zirə pomidoru ən bahalı pomidordur, biz veririk burada 70 qəpiyə. Şəmkir pomidoru 70 qəpiyə. Xaçmazın pomidoru var - 3 kq-ı 1 manata".

 

Satıcı xanım isə deyir ki, yerli məhsullara üstünlük verən yoxdur, əhali daha çox xarici məhsulları alır: "Alıcılıq qabiliyyəti zəifdir. Pomidor 60 qəpikdir. 3 kq 1 manatdır. 1 saatdan sonra bunu qoyacağıq 4-5 kq-ı 1 manata. Xaricdən gələn məhsullara çox qiymət verirlər, yerli məhsullara yox. Öz meyvələrimizə dəyər verən yoxdur. Pomidordur yerli məhsullardır amma xarici məhsulları alırlar". 

 

Satıcılar bu il bəzi mövsümi meyvələrin az olması səbəbindən qiymətlərin də artdığını bildirdilər: "Meyvələr bahadır. Rusiyaya daha çox aparırlar, onunla əlaqədardır. Bizə meyvə 99 faiz Xaçmazdan gəlir. Onlar Rusiyaya da daşıyırlar. Ona görə bahaçılıqdır. Bu bazar iqtisadiyyatıdır da, bazar özü tənzimləyir hər şeyi. Mal çox olsa, qiymət düşəcək aşağı. Şaftalı indi təzə-təzə çıxıb, hələlik 1 manat 50 qəpik, 1 manat 30 qəpik, 1 manat 20 qəpik arasında dəyişir. 5-10 gündən sonra olacaq 1 manata, 60 qəpiyə. Ərik xaricdən gəlir, buna görə bahadır. 3 manat 20 qəpiyə alırıq, 3.50 qəpiyə satırıq, 30 qəpik pul qalır".

 

Bazarda meyvələrdən gözümüzə daha az dəyən isə gilənar idi. Bir-iki yerdə bu meyvəyə rast gəldik. 1 kq gilənarın qiyməti 4 manatdır. Gilas isə çeşidindən asılı olaraq 3-7 manata satılır. Quba alması 1 manat, 1 manat 50 qəpik, yerli armudların qiyməti isə 1,50 qəpik-2 manat arası dəyişir. Gavalının 1 kq-ı isə 60 qəpikdir: "Xar tutun 1 kq-ı 4 manatdır. Bu da ağ tutdur, kq-ı 2 manat 50 qəpiyə - 3 manata. Böyürtkənin vedrəsi 3 manat - 3 manat 50 qəpiyə. Bunlar da qırmızı moruqdur, vedrəsi 5 manata, böyük vedrəsi 12 manata, balaca 3 manata, 2 manata. Bunlar hamısı Göygöldən gəlir. Bu xar tutlar Nardarandan gəlir. Alıcılıq qabiliyyəti pis deyil".

 

Bazarın ağartı məhsulları satılan hissəsindəyik. İsmayıllıdan gətirilən bir neçə çeşiddə pendirlər var ki, qiymətləri 4-5 manat arası dəyişir.

 

Kənd toyuqları 3-4 manata satılır. Ətin qiymətinə gəlincə isə bir az artım müşahidə edilir: "Bu bir həftə-on gün ərzində bir az dəyişiklik var ətlərin qiymətində. Quzu əti 8 manat 8.50 qəpik - 9 manatadır. Mal əti 7.50 -  8 manat, mal ciyəri 6 manat, ürəyi 5 manat, quzu ciyəri 5 manatdır. Qiymətlərdə 50 qəpik fərq edib". 

 

6 dəstə göyərtinin qiyməti 1 manat, kənd yumurtasının bir ədədi isə 20 qəpikdir.

 

Bazarda alıcılarla da söhbətləşdik. Qiymətlərdən razı qalıb-qalmadıqlarını soruşduq.

 

- Meyvə-tərəvəz almışam. Qiymətlər pis deyil, yaxşıdır. Pomidor-xiyar yaxşıdır, meyvələr yaxşıdır.

 

- Bazarlıq edirik. Qiymətlər əladır. Əvvəlkilərə baxanda yaxşıdır.

 

- Qiymətlər bizim cibimizə görə bahadır. Gücümüz çatdıqca, bazarlıq edirik. Cibimizə nə uyğun olsa, alırıq.

 

Arzu edirik ki, Ramazan bayramı evinizə ruzi-bərəkət gətirsin. Tutduğunuz oruc, etdiyiniz dualar qəbul olsun! Bayramınız mübarək!

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR