Biləsuvarda əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb
Biləsuvarda əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb. Yerli fermerlərin APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, havaların istiləşməsi ilə aktivləşən siçovulabənzər gəmiricilər bitkilərin toxumunu və ya kökünü yeməklə təsərrüfatlara ciddi ziyan vurub.
Fermer Tofiq Aslanovun sözlərinə görə, əkin sahələrində becərmə işləri apararkən gəmiricilərin yuvalarına təsadüf edib. Gəmiriciləri tələf etmək üçün həyata keçirilən tədbirlər isə hələlik səmərəsiz qalıb. Fermerin qənaətincə, əkin sahələrinə kütləvi surətdə yayılan zərərvericilər məhv edilməzsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı düşə bilər: "İki hektar xiyar əkmişəm. Pomidor, pambıq da əkmişəm. Gəmiricilər imkan versə, məhsul götürəcəyik, imkan verməsələr götürməyəcəyik".
Əkinçilərin sözlərinə görə, gəmiricilər təkcə bitkilərin köklərini yeməklə kifayətlənmir, həm də sahələrin suvarılmasına mənfi təsir göstərirlər. Belə ki, əkin sahələrində əmələ gəlmiş saysız-hesabsız dəliklər suyun itkiyə getməsinə səbəb olur.
Biləsuvar rayon Bitki Mühafizə Mərkəzindən verilən məlumata görə, payız-qış aylarında gəmiricilərə qarşı profilaktik tədbirlər aparılıb. Amma yaz və yay mövsümündə yağıntıların normadan artıq düşməsi gəmiricilərin sayının çoxalmasına və onların sürətlə yayılmasına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək