FHN Kiş kəndində köməksiz qalan 80 nəfəri təxliyə etdi

İyulun 2-də axşam saat 22:00 radələrindən başlayaraq dağlıq ərazidə yağan güclü leysan nəticəsində Şəkinin Kiş və Şin çaylarına təqribən 4 metr qalınlıqda lilli sel gəlib.

 

APA TV-nin məlumatına görə, sel nəticəsində Kiş kəndinin giriş hissəsindəki uzunluğu 40 metr olan, həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən istiqamətdəki körpülər dağılıb.

 

200 metr uzunluğunda qaz borusu, 4 ədəd elektrik dirəyi, 2000 metrdən artıq içməli su borusu sıradan çıxıb, ətraf ərazini lil qatı basıb. Həmin ərazidə yerləşən bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib. İlkin məlumata görə bir neçə kənd sakininin həyətyanı və təsərrüfat sahələrinə lilli su düşüb. Şəhərin, Oxud və Kiş kəndlərinin əhalisinin içməli su ilə, həmçinin Kiş kəndinin elektrik enerjisi və təbii qazla təchizatında problem yaranıb. Şin çayının yuxarı hissəsində quraşdırılmış qoruyucu su bəndinin bir hissəsi dağılıb.

 

Şəhər rəhbərliyinin tapşırığına əsasən, yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət zonasında aidiyyəti idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının  rəhbərlərinin iştirakı ilə operativ qərargah yaradılıb. FHN-in əməkdaşlarının iştirakı ilə təbii fəlakət baş verən əraziyə baxış keçirilib. Təhlükəli ərazidə yaşayan əhalinin təxliyə olunması, seldən mühafizə və ərazinin lil qatından təmizlənməsi məqsədilə müvafiq texnika cəlb edilib. Kiş çayının yaxınlığında yerləşən istirahət mərkəzlərində qalan 80 nəfər şəxs təhlükəsiz “Ovçular evi”ndə yerləşdirilib və ərzaqla təmin edilib. Yerli icra hakimiyyətinin, FHN-in, “Azərsu” ASC-nin sudaşıyan maşınları əhalinin içməli su ilə təminatına cəlb edilib. FHN-in Şimal-Qərb Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyəsi üçün hadisə yerinə cəlb olunub. Hazırda Kiş kəndinin elektrik enerjisi ilə təminatı istiqamətində işlər görülür. Həmçinin dağlıq ərazidə çobanların olub-olmaması araşdırılır.

Yaranmış vəziyyətlə əlaqədar müvafiq komissiyanın ayrılması barədə baş nazir Artur Rəsizadəyə müraciət edilib. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR