FHN-in təşkilatçılığı ilə keçirilən beynəlxalq yarış və ümumrespublika birinciliyi başa çatdı
Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” IV Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışların iyulun 2-də bağlanış mərasimi olub.
Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ ictimaiyyətinin nümayəndələri rayondakı “Yeddi Gözəl” hotelində yarış iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin iştirakı ilə keçirilən təlimlərə baxış keçiriblər. Nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək, onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı və qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.
Sonra komandalar şərti olaraq “Yeddi Gözəl” hotelində baş verən yanğının söndürülməsi, hoteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın, dənizdə neft platformasında baş verən yanğın zamanı insanların xilas edilməsi əməliyyatını uğurla başa vurublar. Təlimdən sonra gənc yanğınsöndürən və xilasedicilər motosikletlərlə yürüş edərək, ölkəmizin üçrəngli bayrağını dalğalandırıblar.
Sonra nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Mədəniyyət Mərkəzində dəyirmi masa keçirilib. Tədbir iştirakçıları “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmasına geniş imkanlar açacağını diqqətə çatdıran nazir Kəmaləddin Heydərov belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Nazir dəyirmi masa iştirakçılarının suallarını da cavablandırıb. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlarda iştirakdan məmnunluq ifadə edib, tədbirin təşkilatçısı olan Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə iyunun 28-dən iyulun 2-dək Qəbələdə keçirilən yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan gənclər iştirak ediblər.
Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri Nizami rayonunun 220 nömrəli tam orta məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülüb.
Sonra qalib komandalara mükafatlar təqdim edilib. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr verilib. Yarışda iştirak edən yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək