"Financial Times": Ankara Bəşər Əsədə gizli kanalla mesaj göndərib

"Ankara-Moskva yaxınlaşması Türkiyənin Suriya siyasətində dəyişikliklərə səbəb olacaq. Türkiyə Suriya kürdlərinə və Bəşər Əsədə qarşı mövqeyini yumşaldacaq". APA TV-nin xəbərinə görə, bu barədə "Financial Times" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, iki dövlət arasındakı əlaqələrin yenidən bərpa olunmasının effektini Suriya müxalifəti də üzərində hiss edəcək. Bu, daha çox radikal islamçı qruplaşmalara təsir edəcək: "Amma türklər Suriya müxalifətini dəstəkləməkdən tamamilə əl çəkməyəcəklər, çünki bu, onların strateji maraqlarına uyğun gəlmir".
 
İddia edilir ki, Ərdoğan Putinə məktub ünvanlamamışdan bir həftə əvvəl Türkiyə tərəfi Suriya müxalifətinin liderləri ilə Rusiya nümayəndələri arasında gizli görüş təşkil edib. Bundan əlavə, Ankara Moskva ilə yenidən yaxınlaşmağa nümayişkaranə şəkildə start verməzdən əvvəl Suriya ilə bağlı mövqeyində dəyişikliyə başlamaq istiqamətində addımlar atıb. Ankara Əlcəzair vasitəsilə Suriya hakimiyyətinə kürd məsələsinin müzakirəsinə hazır olduğunu çatdırıb.

Buna sübut olaraq Türkiyə iqtidarının bu yaxınlarda Suriya üzrə kəşfiyyat təşkilatının rəhbərini vəzifəsindən azad etməsi və Bəşər Əsədə bununla yumşalma mesajı göndərməsi göstərilir.

"İndi hər kəs öz mövqeyini nəzərdən keçirir, çünki bilirik ki, Suriya böhranı sülhlə bitməyəcək. Ən azından bunun ABŞ və Rusiya tərəfindən qoyulan müddətə - 1 avqusta qədər baş verməsi mümkün deyil", - deyə mənbə bildirir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR