Göyçayda sahibkarın qətli: qatil ünvanı səhv saldı - TƏFƏRRÜAT

Göyçay rayonunda qətl hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyunun 30-da gecə saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsindəki 24 saylı mənzildə qeydə alınıb.

 

Ev sahibi, 1963-cü il təvəllüdlü Cəbrayıl İsmayıl oğlu Kərimov  evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.

 

Bədəninin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxsin Ağdam rayon sakini olduğu bildirilir.

 

Qətli törədən Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanov Sərxan Allahverdi oğlu isti izlərlə tutulub.

 

Qətlin tamah məqsədilə törədilmədiyi məlum olub. S.Süleymanovun ilkin dindirilməsi zamanı məlum olub ki, Cəbrayıl Kərimov təsadüf nəticəsində öldürülüb. Qətli törədən şəxsin bacısı, 1982-ci il təvəllüdlü Nargilə Allahverdi qızı Süleymanova aprel ayının əvvəllərində evlənmək məqsədilə Göyçay şəhərinin Hüseynbala Əliyev 24 ünvanında yaşayan Quliyev Orxan Əsəd oğlu tərəfindən qaçırılıb. Bundan sonra Ağdam rayonu ərazisində Orxanla Sərxan arasında münaqişə baş verib.

 

Dünən isə qaçırılan bacısının evlərinə qaytarılmasından qəzəblənən Sərxan Süleymanov qisas məqsədilə Göyçaya gəlib. Lakin o, şəhərin Heydər Əliyev prospekti-24 ünvanı ilə Hüseynbala Əliyev küçəsi-24 ünvanlarını səhv salaraq gizli yolla Cəbrayıl Kərimovun mənzilinə daxil olub və onu qətlə yetirib.

 

Orxan Quliyevin 5 dəfə evli olduğu da məlum olub.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qətlə yetirilən Cəbrayıl Kərimov uzun illərdir Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olurdu.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR