Bakıda Novruz şənliyi - REPORTAJ
Bakı Şəhər İcra Hakimiyyəti ənənəvi olaraq baharın gəlişi - Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil edib.
Metronun "İçərişəhər" stansiyası yaxınlığında Novruz personajları və böyük bir karvan hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bir azdan Atəşgaha yola düşüləcək.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq, İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev adına Sarayın qarşısından keçərək, Heydər Əliyev prospektinə çıxıb, metronun "Koroğlu" stansiyasının qarşısından Aeroport avtomagistralı ilə hərəkət edərək, Suraxanı Atəşgahına doğru istiqamət götürüb.
Budur, artıq bayram karvanı Suraxanıda Atəşgah kompleksindədir.
Dədə Qorqud: "Bayramınız mübarək, xeyirli uğurlu olsun! Xalqımız həmişə belə sevinsin. Ancaq gözəl günlər olsun!"
Bahar Qızı: "Bayramınız mübarək, bol-bol uğurlar! Novruz düşərli olsun hər birimizə".
Tədbirdə iştirak edən paytaxt sakinləri Novruz arzularını dilə gətiriblər:
- Neçə belə illərə çıxasınız, əmin-amanlıq olsun. Torpaqlarımız azad olsun. Hər kəsi təbrik edirəm.
- Təbrik edirik xalqımızı bu gözəl gün münasibətilə.
- Sovet dövründə icazə vermirdilər bu, adət-ənənə ilə qeyd olunsun. Demokratiya əldə etdikdən sonra biz tam müstəqil şəkildə öz bayramımızı qeyd edirik.
Fürsətdən istifadə edib Novruz nemətləri hazırlayanlara yaxınlaşırıq:
- Şəkərbura, paxlava, qoğal hazırlayırıq. Milli bayramımızdır. Yanımdakı bu balaca da bizə baxıb öyrənir. İstəyirik ki, bu adət-ənənəni nəsillərə ötürək.
- Bax, bu xonçalarımız, bu ət qutabımız, şəkərburamız. Nə istəyirsiniz, buyurub dadına baxa bilərsiniz.
- Göy qutabı var, ət qutabı var. İsti-isti yeyin, baxın dadına.
Daha sonra Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdaraq, Qış Bulvarına doğru istiqamət alıb. Bayram tədbiri incəsənət ustalarının iştirakı ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı