Sumqayıtda xüsusi əməliyyat: külli miqdarda narkotik və soyuq silahlar götürüldü
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin satışını həyata keçirən şəxslər zərərsizləşdirilib.
Daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti gizlətdiyi 652 qram heroin aşkar edilib.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədovdan 507,12 qram heroin və 3 kiloqram 105 qram marixuana götürülüb.
Saxlanılan şəxslərin üzərinə və yaşadıqları mənzillərə baxış zamanı həmçinin onlardan soyuq silah hesab olunan bıçaq və beşbarmaqlar, narkotik vasitələrin satışını həyata keçirmək üçün istifadə etdikləri elektron tərəzilər və inyeksiyalar da aşkar edilib.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı