Ermənilər Ağdamda qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutub
Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını ziyarət etmək istəyən cəbhəyanı kəndlərin sakinləri ermənilər tərəfindən atəşə tutulub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər.
Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb.
Baş Qərvənd və Mirəşelli kənd məzarlıqları düşmən mövqelərinin 100 metrliyində yerləşir. Qəbiristanlığın bir hissəsi isə neytral əraziyə düşür. Təhlükəli olduğundan, məzarlığa getmək üçün yolun bir qismini səngərlə getmək lazım gəlir.
Ramil Cəfərov daş ustasıdır. Çörəyi daşdan çıxan usta məzarlığa tez-tez gəlmək məcburiyyətindədir. Amma çörəyini həyatı bahasına qazanır: "Bu daşı bura qoymağa zülm çəkirik. Əslində bunu kranla qoymalıyıq. Amma qoya bilmirik, atırlar. Gəlib rahat işləyə bilmirik. Bir loxma çörəyin xətrinə işləyirik, əziyyət çəkirik. Arvadlar da zülm çəkir. Gəlib gedə bilmirik".
Neçə illərdir bu belə davam edir. Ermənilər məzarlıqları dağıdır, qəbirüstü abidələri məhv edir. Kənd sakini Asif Sarıyev deyir ki, burada hər kəs yaxınlarını ziyarət etməkdə çətinlik çəkir: "Gedə bilmirik, atırlar. İndi dumandır, görünmür. Amma hava açıq olanda çox çətin olur. Kişilər də, qadınlar da əyilə-əyilə gəlib gedir".
Bununla belə, cəbhəyanı kəndlərin sakinləri bu əziyyətin bir gün sona çatacağına ümid edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı