Donald Trampın rəqibi mübarizədən çəkildi
Keçmiş neyrocərrah Ben Karson ABŞ prezidentliyi uğrunda yarışdan çəkildiyini açıqlayıb. APA TV-nin xəbərinə görə, o, qərarını “siyasi irəliləyiş”in olmaması ilə əsaslandırıb.
“Mən “superçərşənbə”nin nəticələrini əsas götürərək, irəliyə doğru siyasi yol görmürəm”, - prezidentliyə respublikaçı namizəd deyib.
Ben Karson məlumat verib ki, bu gün Respublika Partiyasının Detroyddakı debatında iştirak etməyəcək.
Lakin Ben Karsonun seçki kampaniyasını hələ rəsmən tərk etmədiyi bildirilir. Keçmiş neyrocərrah bəyan edib ki, martın 4-də Merilend ştatında özünün siyasi gələcəyi ilə bağlı çıxış etməyi planlaşdırır.
Martın 1-də keçirilən və “superçərşənbə” adı verilən praymerizdə demokratlardan Hillari Klinton, respublikaçılardan isə Donald Tramp üstün olublar.
Qeyd edək ki, 65 yaşlı təqaüdçü həkim Ben Karson ABŞ prezidentliyi uğrunda yarışa ötən il mayın 3-də qoşulmuşdu.
Bu ilin iyulunda həm respublikaçılar, həm də demokratlar milli konvent keçirəcək və prezidentliyə namizədlərini müəyyənləşdirəcəklər. ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı