Sabah İranda parlament seçkiləri keçiriləcək
Fevralın 26-da İranda parlament seçkiləri keçiriləcək.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, mühafizəkarlar və islahatçılar arasında mübarizə şəraitində keçiriləcək seçkilərdə 55 milyon seçici səs verəcək. Parlamentdəki 290 yer uğrunda 586-sı qadın olmaqla 6 200 namizəd mübarizə aparacaq.
Bir universitet tələbəsi seçkilərin onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Ölkəmin dörd illik gələcəyi müəyyən olacaq. Ümid edirəm ki, yaxşı bir nəticə çıxar və islahatçılar mühafizəkarlara qalib gəlib ölkəmiz üçün daha yaxşı bir gələcək hazırlayar", - deyə o qeyd edib.
İranın dini lideri Ayətullah Xamneyi isə nüvə sazişindən sonra ilk dəfə keçiriləcək seçkilərdə xalqın anti-Qərb siyasətini dəstəkləyən qərar verəcəyinə inanır. Xamneyinin dəstəklədiyi mühafizəkar qadın millət vəkillərindən Fatimə Rəhbər İranda azadlığın məhdudlaşdırılması mövzusuna toxunub: "Gənclər Facebook, Youtube, Twitter kimi sosial media vasitələrini işlədə bilir. Əlbəttə ki, İran kimi İslam ölkəsində bizim internet üzərindəki azadlığa nəzarət etməyimiz lazım gəlir".
Parlament seçkilərinin nəticəsi prezident Həsən Ruhaninin xalqın dəstəyini nə dərəcədə qoruduğunu və Qərblə nüvə razılaşmasının xalq tərəfindən nə dərəcədə qəbul olunmasının göstəricisi olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı