Azərbaycan prezidenti İrana səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev fevralın sonunadək İrana səfər edəcək. APA TV-nin məlumatına görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Səfir məlumat verib ki, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq.
“İnşallah, bu səfər hər iki ölkə üçün uğurlu olacaq. Səfər çərçivəsində iqtisadiyyat, enerji, mədəniyyət və digər sahələrdə sənədlərin imzalanması nəzərdə tutulur”.
Səfirin sözlərinə görə, 2016-cı ildə İranda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi gözlənilir. Azərbaycanda isə İranın mədəniyyət günləri təşkil olunacaq.
Qeyd edək ki, ötən axşam İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 37-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Səfir Möhsün Pak Ayin İranın inqilabdan ötən 37 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. O deyib ki, İran və Azərbaycan arasındakı konstruktiv əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdırıb, ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu bildirib. O, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir deyib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib