Erməni idmançı: "Azərbaycanda hər şey gözəldir"
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 12-də kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində ABŞ, Rusiya, Çexiya, Böyük Britaniya və Danimarkadan 8 idmançı iştirak edib. Rusiya idmançısı Kiril Qriqoryan 209.3 xalla birinci, ABŞ atıcısı Mathev Emmons 208.4 xalla ikinci, Çexiya idmançısı Tomas Jerabek 186.6 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Erməni əsilli Rusiya idmançısı Kiril Qriqoryan jurnalistlərə açıqlamasında Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı insanların mehribanlığını da xüsusi vurğulayıb:
“Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Belə ki, mən Dünya Kuboku yarışlarında ilk qızıl medalımı məhz burada qazandım. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi və sonda mən qalib oldum. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Qəbələnin təbiəti çox xoşuma gəldi. Azərbaycana ilk dəfədir gəlirəm və burada hər şeyin gözəl olduğunun şahidiyəm. Buranın insanları çox qonaqpərvərdir, rayonun mənzərəli, görməli yerləri çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Qəbələ atıcılıq mərkəzi çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, məşq yerləri və yarış poliqonu əladır. Burada yarış yüksək səviyyədə təşkil olunub".
Qeyd edək ki, 5 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 16 idmançı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb