Nazim İbrahimov Rusiyadakı azərbaycanlılardan danışdı
"Rusiyada miqrantlara qarşı keçirilən reydlər azərbaycanlılara qarşı yönəlməyib." APA TV-nin məlumatına görə, bunu azərbaycanlı əmək mühacirlərinin xarici ölkələrdə, xüsusi ilə Rusiyada problemlərlə üzləşməsi sualına cavab verən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun sözlərinə görə, hər bir dövlətdə insanlar o ölkənin qanunlarına hörmət edərək yaşamalıdır: “Əgər bir ölkədə baş verən proseslər qanuniləşdirilirsə, bu, çox normal haldır. Hazırda Rusiyada Asiya ölkələrindən gələn minlərlə vətəndaş var və onların müəyyən qayda-qanunlara uyğunlaşmasına ehtiyac yaranıb"
Komitə sədri bildirib ki, azərbaycanlılar artıq Rusiyada öz yerlərini tapıblar, demək olar ki, hamısı qayda-qanunla yaşayır: "Əgər hər hansı azərbaycanlının qanundan kənar fəaliyyəti varsa və yaxud qanunlara uyğunlaşa bilmirsə, biz yardım etməliyik ki, həmin vətəndaşlar Rusiyada bu qanunlara uyğun yaşasınlar. Reydlər zamanı tutulan vətəndaşların milliyyətini bilmək olmur. Saxlanılanlar arasında nadir hallarda azərbaycanlılar olur, amma bu prosesi azərbaycanlılara qarşı kampaniya kimi dəyərləndirmək düzgün deyil".
Qeyd edək ki, Rusiyada miqrantlara qarşı son dövrlər qərarlar çox sərtləşdirilir. Liberal Demokrat Partiyası tərəfindən hazırlanan qanun layihəsində qanunu pozan miqrantların ölkədən məcburi deportasiyası nəzərdə tutulur. Hazırkı qanunvericiliyə görə, Rusiya ərazisində yaşama qaydalarını pozan miqrantlar ya cərimələnir, ya da inzibati məsuliyyətə cəlb edilirlər.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib