I Avropa Oyunlarında iştirak edəcək daha 6 ölkənin nümayəndə heyəti Bakıya gəlib
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək İngiltərə, İsveç, İrlandiya, Bolqarıstan, Fransa və Sloveniya nümayəndə heyətləri Azərbaycana gəlib.
APA TV-nin məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.
İsveçin I Avropa Oyunlarındakı missiya rəhbəri Piter Reynebl hava limanında jurnalistlərə bildirib ki, səfərdə məqsəd komandanın qalacağı yerlərlə tanış olmaq və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri ilə görüşlər keşirməkdir:
"Komandamız Bakıya iyunun 9-da gələcək. Ölkəmiz I Avropa Oyunlarında 76 idmançı ilə təmsil olunacaq. İndiyədək dörd dəfə Bakıya səfər etmişik və idman obyektləri ilə tanış olmuşuq. Amma ən maraqlı günlər yarışlar başladıqdan sonra olacaq".
İrlandiyanın I Avropa Oyunlarındakı missiya rəhbəri Dorme Hinhan isə bildirib ki, irlandlar Bakıya iddialı gəlirlər:
"62 idmançı ilə təmsil olunacağıq. Ümumilikdə, nümayəndə heyətimiz məşqçilər, həkimlər və menecerlərlə birlikdə 105 nəfərdən ibarətdir. Ölkəmizə 4 medalla dönə bilsək, I Avropa Oyunlarını bizim üçün uğurlu hesab etmək olar".
Nümayəndə heyətləri onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.
Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi