Ağsu aşırımında hərəkət məhdudlaşıb, avtomobillər yolda qalıb
Ağsu, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yanvarın 8-də səhər saatlarından başlayaraq, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarına yağan qar hazırda da davam edir. Dünən axşam saatlarından Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Şamaxı şəhərinin bəzi küçələrində, eləcə də Bakı-Şamaxı yolunun Qobustan, Şamaxı və Ağsu rayonlarından keçən bəzi yerlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir çox ərazilərində yollar buz bağladığı üçün nəqliyyatın hərəkəti məhdudlaşıb.
Bakıdan Ağsu şəhərinədək olan ərazidə, yəni Qobustanın Cəngi kəndi ərazisində, Şamaxının Acıdərə adlanan ərazisində, Muğanlı qəsəbəsindəki enişli-yoxuşlu yollarda və Ağsu aşırımında şinlərində zəncir olmayan maşınlar yolda qalıb, bəzi maşınlar sürüşərək yoldan kənara çıxıb.
Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol və Ağsu aşırımının bəzi dolayları buz bağlayıb. Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb.
Şamaxı şəhərinin bəzi dağ kəndləri ilə rayon mərkəzinin nəqliyyat əlaqəsi kəsilib. Pirbəhli, Qızmeydan, Dəmirçilər, Zarat kəndləri istiqamətindəki yollarda qar və buz səbəbindən hərəkət məhdudlaşıb. Bütün yollara yol idarəsinin işçiləri tərəfindən duz və qum səpilir.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?