APA və "APA-nın dostları" futbol meydançasında qarşılaşdı - 5:5
APA informasiya agentliyinin yaranmasının 10-cu ildönümü münasibətilə futbol oyunu keçirilib. APA TV-nin məlumatına görə, APA-nın kollektivi ilə "APA-nın dostları" komandası qarşılaşıb.
Oyunda APA-nın əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış futbol mütəxəssisi, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, "Trend" informasiya agentliyinin, telekanalların, "Qəbələ" futbol klubunun və Peşəkar Futbol Liqasının nümayəndələri də iştirak ediblər.
Qarılaşmanı AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov idarə edib.
Oyuna "APA-nın dostları" fəal başlayıblar. İlk qol da onlardan gəlib. Çox keçmədən APA-nın futbol komandası hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissə qollarla daha zəngin olub. "APA-nın dostları" bir-birinin ardınca üç qol vurublar və 4:1 hesabı ilə irəli çıxıblar. Bundan sonra APA-çılar hücumları artırsalar da, bir neçə real qol vəziyyətindən yararlana bilməyiblər: ya zərbələr qeyri-dəqiq olub, ya da rəqibi qapı dirəyi xilas edib.
APA-nın komandası istəyinə penalti ilə çatıb.
Bundan sonra APA-çılar daha iki dəfə fərqləniblər və hesab bərabərləşib. Amma "APA-nın dostları"yenə hesabda irəli çıxıblar. Sonuncu dəqiqədə APA-nın komandası bərabərlik qolunu vurub və qarşılaşma 5:5 hesabı ilə başa çatıb.
Daha sonra APA İnformasiya Agentliyinin baş direktoru, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev iştirakçılara minnətdarlığını bildirib.
Nurşən Quliyev komandaların kapitanları - Oğuz Çətin və Tərlan Əhmədova mükafat verib.
"Xəzər Lənkəran", "Qəbələ" futbol klublar və Peşəkar Futbol Liqasının təmsilçiləri də APA-nın 10 illiyi münasibətilə hədiyyələri təqdim ediblər.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb