Cəlilabadda təhlükə: Mal-qara arasında naməlum xəstəlik yayılıb
Cəlilabadda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılmaqda davam edir. Yerli sakinlərin APA TV-nin cənub bürosuna verdikləri məlumata görə, vəziyyət ciddi xarakter aldığından rayondakı mal-qara alış-verişi üzrə həftə bazarı da öz fəaliyyətini dayandırıb. Xəstəliyin ən çox yayıldığı ərazi rayonun Alar kəndidir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir və heyvanlarının bədənlərinin müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Əsasən iribuynuzlu heyvanlar bu xəstəliyə yoluxduğundan onlar sonradan qidadan belə imtina edirlər. Gündən-günə çəkisi azalaraq xəstəliyə tutulmuş heyvan son nəticədə ölüb gedir. İndi sakinlər kütləvi halda yayılmış xəstəliyə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmamasından narahatdırlar. Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev isə vəziyyətin heç də acınacaqlı olmadığını bildirib.
"İndidən hər hansı konkret bir xəstəlik barəsində danışmaq düzgün olmazdı. Bəli, həqiqətən də bəzi mal-heyvanlarda nadulyar dermatik xəstəliyinin nişanələri müşahidə olunmaqdadır. Amma bu, heç də həmin heyvanların məhz nadulyar dermatik xəstəliyinə yoluxması demək deyil. Mal-qarada xəstəliyinin dəqiq diaqnozu barədə hər hansı fikir yürütmək isə yalnız laboratoriya müayinələrinin nəticəsindən sonra mümkündür".
İdarə rəisinin sözlərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşları dünəndən rayona ezam olunublar və indi bütün qüvvələr ayrı-ayrı ərazilərdə heyvanların dezinfeksiya və sintomatik müalicəsi tədbirlərinə yönəlib. Qeyd edək ki, Baytarlıq İdarəsinin rəsmisi Cəlilabadda mal-qara arasında ölüm faktının olmadığını desə də, real fakt əslində bunun əksini göstərir. Örüş sahələrində, yol kənarlarında atılıb qalmış heyvanların cəsədləri isə daha ciddi fəsadlara səbəb ola bilər.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub